
Bütün ləzzətlərdən bəhanəsiz məhrum olmaq buna deyərlər. Amma murdar qrip də bizimlə məzələnir. Özünü naza qoyub. Gəlmək istəmir. Hətta o gün məktəbdə valideynlərdən xəbərsiz uşaqlara zorla, çığırda-çığırda donuz qripinə qarşı vaksin də vurublar. Bəlkə, millət həyəcanlanıb ağzına ağ tənzif bağlasın. Kimdir həyəcanlanan? Bizdə ancaq 1992-ci ildə kütləvi həyəcanlanma olub. Ondan sonra Heydər Əliyev onu elə qovub ki, izi-tozu da qalmayıb.
Deputat Aydın Mirzəzadə “həyəcan-92″ haqqında daha maraqlı faktlar bilir. Aydın Mirzəzadənin açıqlamasının şərəfinə tanınmış ata yazarlar ”ballı, südlü, yağlı” köşə həsr etmişdilər. Amma ana yazarların fikirləri ilə tanış olmaq daha maraqlı olardı. Çünki çox incə və birbaşa qadınlara aid olan bir açıqlama idi. Ata yazarlar elə şeyləri təfərrüatı ilə istəsələr də yaza bilməzlər. Görünür, mentaliteti nəzərə alıb, xanım yazarlar susdular. Mən də “Kim daha çox həyəcanlanır: qadınlar, yoxsa kişilər?” mövzusunda yazımı üzə çıxartmağa utandım (qorxdum)…
Bu dəqiqə təbiətsevməz merimiz də daxil olmaqla bütün qırmızıyanaq məmurlar kolların dibində uğur böcəyi axtarırlar. Tapan kimi toppuş əllərində parabüzəni dilə tutmağa başlayacaqlar: “Uç, uç böcəyim, halva-çörək verərəm, tez Donuz Qripovu gətir”. Parabüzən də bir sehr oxuyacaq, dönüb olacaq əjdaha. Baş-beynini şər işlər üçün dəng edənlərin hərəsinin arxasına bir təpik vurub, “bəsdi dəə, adamları aldadıb qurtardız, indi də böcəkləri qul etmək istəyirsiz…” deyəcək.
Əlbəttə, Donuz Qripov gəlsəydi, pasportuna möhür vurmadan, çemodanını yoxlamadan sərhəddən içəri buraxardılar. Yuxarıdan elə tapşırıq verilib. Çox hörmətli qonaqdır. Intizarla yolunu gözləyənlər var: həkimlər, mollalar, mürdəşirlər, məzar qazanlar əllərində haqq-hesab dəftərləri Donuz Qripovu qarşılamaq üçün sıraya düzülüblər…
Hava limanında yerə donuz tükündən toxunan xalçalar sərilib. Hər yerdən donuz portretləri açılıb. Heyf ki, xalq şairi Zəlimxan Yaqub bu basabasda xəstələnib. Yoxsa, Donuz Qripovun təntənəsinə bir saata beş poema həsr etmişdi. Ədəbi xəzinəmiz qəşəngcə zibillənmişdi.
Əldə etdiyim məlumata görə, Sumqayıtda suxaridən zəhərlənən şagirdlərin valideynləri dəqiq sumqayıtlı deyillər. Onlar ən azı Sumqayıt şəhərindən 400 kilometr uzaqda yaşayanların nəvələri, Qarabağdan didərgin düşənlərin övladlarıdır. Çünki nə vaxtsa təmiz hava udublar, saf su içiblər. Ona görə də keyfiyyətsiz, havayı paylanan suxaridən zəhərləniblər. Əgər onlar da sovet dönəmində zəhərli zavodların tüstüsünü udmuş olsaydılar, zəhər suxarini bal kimi yeyərdilər. Amma nə yaxşı ki, hələ zəhrimarla balı qarışdırmayanlar var. Yoxsa SOS siqnalı verən bədən olmazdı. Bir vaxtlar “Ölü zona” adlanan Sumqayıtda uzun müddət yaşayanlara heç bir virus, zəhərli ərzaq, əzab-əziyyət təsir etmir. Onlar o qədər zəhərli hava udublar ki, bütün xəstəliklər, dərdlər onlara vız gəlir. Təcrübə üçün, bir sumqayıtlı balasını zəhərli qazla doldurulan otağa salıb, yazdıqlarımı təsdiqləyə bilərəm. Qapını açan kimi uşağın “hörümçək adam” kimi divarda gəzdiyini görərsiz…
Ayaq üstə güclə dayanan millətin günahını donuz qripinin boynuna yıxıb, yas qurmaq heç kimə qismət olmayacaq. Donuz Qripovun çemodanında fırıldaqlarını ört-basdır etmək istəyənlərin arzusu gözündə qalacaq. Çünki əhalinin çox hissəsi Bakı və Sumqayıtda yaşayır. Onlar zəhərli hava udmaq, zəhərli ərzaq yemək üzrə və Quş Qripovun anasını ağlatdıqlarına görə Ginnesin “Rekordlar” kitabına düşüblər. Odur ki, ruhdan düşmək, qorxu-hürkü içində yaşamaq lazım deyil. Tənzifsiz ağzınızı tərpədə bilərsiz…






bu dogruluqdur prosta bu barədə bu dövürdə danişmaq məncə agılsızlıqdır
Yanvar 17, 2010 10:15